Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniyaya rəsmi səfərə gedib.
Bu barədə mediaya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərcivəsində S.Qafarova paytaxt Berlində yerləşən "Gallery Berlin"də təşkil olunan "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.
Azərbaycan parlamentinin spikeri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışıb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsası Ulu Öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahədə reallaşdırılan irimiqyaslı layihələri diqqətə çatdırıb.
Tədbirdə həmçinin, "Heydər Əliyev ili" çərçivəsində Milli Məclis tərəfindən təşkil olunan tədbirlər barədə də məlumat verilib.
Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri – Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar. Sərginin ziyarətçilərdə böyük marağa səbəb olduğu vurğulanıb.