Azərbaycan dəmir yollarının modernləşdirilməsinə böyük sərmayələr yatırır


Azərbaycan dəmir yolu və terminalların modernləşdirilməsinə böyük sərmayələr yatırır.


Bu barədə beynəlxalq "Ship2shore" saytında yayımlanan “Orta Dəhlizin Avrasiya boyunca istifadə olunmamış bütün potensialı” adlı məqalədə qeyd edilib.


Məqalədə vurğulanır ki, yaxın keçmişdə ölkədə mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək Xəzər Dəniz Gəmiçiliyi yenidən təşkil olunub. Xəzər Dəniz Gəmiçiliyinin yaradılması ilə ölkənin daxili və beynəlxalq gəmiçiliyini gücləndirilib.


TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) potensialından indiyədək tam istifadə olunmayıb. Beynəlxalq gərginlik zamanı bu istiqamətə diqqət ayrılması Avropa və dəhliz ölkələri, xüsusən də Azərbaycan üçün zəruridir. Bəzi hesablamalara görə, Orta Dəhliz boyunca dəmir yolu və avtomobil dəhlizlərinin bərpası, modernləşdirilməsi, limanların imkanlarının artırılması üçün ən azı 18,5 milyard avro maliyyənin ayrılması tələb oluna bilər. Azərbaycan Yol Xəritəsi təqdim edib - bununla yaxın 4 ildə tranzit yükdaşımaları hazırkı 10 milyon ton göstəricidən 13 milyon tona çatdırması hədəflənir.


Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəa­liyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 % artırılaraq 10,7 milyon ton­dan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.


Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.


"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizdə Azərbaycandan tranzit kecməklə Qərb-Şərq istiqamətində konteyner daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.





Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri