Bakıya yeni "Stadler" qatarları gətirilib



“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınacaq FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 2 ədədi (dizel) Bakı Dəmiryol Vağzalına çatdırılıb.


LIVE.az xəbər verir ki, qatarların təqdimatı səhmdar cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcovun iştirakı ilə baş tutub.


O, bildirib ki, birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arasında dəyişir.


"Qatarlarda standart və birinci sinif (8 yer) yerlər mövcuddur. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da öz növbəsində kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq qatarın hərəkət qrafiki üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır. Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyaları və bir sıra innovativ mexanizmlərlə təchiz olunub. Onlarda sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasını tənzimləyən “Block-5” sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır. Eyni zamanda qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa “Block-5’’sisteminin köməkliyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır”, - deyə ADY rəsmisi qeyd edib.


A.Fərəcovun sözlərinə görə, yeni qatarlar həmçinin "Fluidmesh" texnologiyası ilə təchiz olunub: “Bu sistem qatarlarda sürətli və kəsintisiz internetin davamlı təmin olunmasında önəmli rol oynayır. Qatarlarda quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləməklə xoş səyahət təcrübəsi yaşadır. Yeni FLİRT qatarlarının daha bir üstün cəhəti bar-vaqon salonuna malik olmasıdır. Regionlara səfərlər zamanı sərnişinlər bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər və qəlyanaltılar ala bilərlər".


Xatırladaq ki, Bakıya çatdırılmış bu iki qatar yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.



Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri