AYNA e-CMR və və “İcazə” blanklarını rəqəmsallaşdıracaq



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) e-CMR - beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsini və "İcazə” blanklarını rəqəmsallaşdırmağa hazırlaşır.


LIVE.az bu barədə Agentliyə istinadən xəbər verir.


Məlumata görə, AYNA artıq bununla bağlı hazırlıqlara başlayıb. Rəqəmsallaşdırma ilə bağlı texniki tapşırığın tərtib edilməsi, beynəlxalq təcrübə üzrə konseptual araşdırma aparılması nəzərdə tutulur.


“İcazə” blanklarının (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) elektronlaşması çərçivəsində imzaların qarşılıqlı tanınması üzrə, etibarlılığa dair, təyinat göstəricilərinə dair, təhlükəsizliyə dair, texniki estetika və erqonomikaya dair, istismarına və texniki dəstəyə dair, məlumatların sanksiyasız girişdən qorunması ilə bağlı, qəzalar zamanı məlumatların mühafizəsinə dair, kənar təsirlərdən mühafizəyə dair, patent təmizliyi və patent qabiliyyətinə dair, standartlaşdırma və unifikasiya ilə bağlı, təlim materiallarının hazırlanması və onların sənədləşməsinə dair tələblər formalaşdırılacaq.


e-CMR-in rəqəmsallaşdırılması istiqamətində tərəflər arasında təhlükəsiz məlumat mübadiləsi, dövlət qurumlarının sistemləri ilə inteqrasiya edilməsi, toplanan məlumatlara aidiyyəti dövlət orqanlarının çıxışı imkanları, subyektlərə dair tələblər və onların xidmətlərindən istifadə şərtləri və multimodal daşımalarda istifadəsi təmin ediləcək.


e-CMR 2011-ci ildə qüvvəyə minsə də, ondan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ilin yanvar ayında İspaniya və Fransa arasında həyata keçirilib. Hazırda sözügedən əlavə protokola 27 ölkə qoşulub, o cümlədən 2000-ci ildə Azərbaycan qoşulub. Bu Konvensiyanın əsas mahiyyəti avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdən ibarətdir. Hazırda Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı CMR tətbiq olunur və bu məsələ Azərbaycanın qanunvericiliyində də öz əksini tapıb.


AYNA-nın fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. Belə ki, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılması və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir. e-CMR, həmçinin beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payının artırılması, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarət və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təşviq edir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri