Polad Həşimovun xatirəsi yad edilib



Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub.


Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.


Müdafiə Nazirliyinin bir qrup zabiti və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan danışılıb, onun həyatının gənc zabitlərə örnək olduğu xüsusi vurğulanıb.


General-mayor P.Həşimovun hərbi xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən orden və medallarla təltif edildiyi diqqətə çatdırılıb.


Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində xüsusi xidmətlərinə və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq Sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.


14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor P.Həşimov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.


Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.




Şərhlər
Sosial bölməsinin xəbərləri