Parisdəki Azərbaycan Evi Xurşidbanu Natəvanın abidəsi ilə bağlı şəhər meriyasına müraciət edib



Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.


Bu barədə mediaya Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.


Qeyd edilib ki, Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın adından Evian-lö Bən şəhər meri Jozian Leyə ünvanlanan müraciətdə yaranmış mövcud durumdan dərin narahatlıq ifadə edilib.


Fransanın öz ərazisində mövcud olan bütün mədəniyyətlərə dəyər verən dövlət kimi tanındığı yada salınıb: “Lakin Azərbaycana qarşı son hərəkətlər, xüsusən də “Azərbaycan bağı”nın adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təkliflər ədalət və mədəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”.


Xurşidbanu Natəvanın XIX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından biri, qadın azadlığının rəmzi olduğu, Azərbaycanın ictimai əlaqələrinin mədəni yüksəlişinə və həyatına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Avropadakı qadın yazıçıların tez-tez kişi təxəllüslərindən istifadə etdiyi bir vaxtda islami dəyərlərin daşıyıcısı olan Natəvanın ölkəmizin mədəniyyət şəhəri olan Şuşada ədəbi məclislərə rəhbərlik etdiyi, 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma ilə tanış olduğu vurğulanıb: “Onların dostluğunu Natəvanın fransız dilini mükəmməl bilən əri Xasay xan möhkəmləndirdi. Natəvanın Bakı şəhərindən Şıx kəndinə daş yol çəkməsi hadisəsi A.Dümanın “Qafqaza səyahət” kitabında xatırlanıb”.


Bildirilib ki, belə qərarlar ölkələrimiz arasında xoş niyyətin gücləndirilməsi üçün vacib olan qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrini pozmaq riski yaradır. Halbuki Fransa müxtəlif mədəni irslərə və ikitərəfli əlaqələrə hörmətli münasibət sərgiləməlidir: “Ölkələrimiz arasında qarşılıqlı anlaşmaya töhfə verən mədəni rəmzlərin qorunmasının vacibliyini dərk edərək, biz hakimiyyətin müvafiq qurumlarını bu qərarlara yenidən baxmağa çağırırıq”.


Mədəniyyətin ölkələrə bütün digər maneələri dəf etmək imkanı verdiyini vurğulayan Paris Azərbaycan Evi bu problemə diqqət yetirilməsini xahiş edib və onun Fransanın qürurla təmsil etdiyi müxtəlif mədəniyyətlərin dəyərlərinə uyğun şəkildə həllinə ümid etdiyini vurğulayıb.


Xatırladaq ki, Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasına əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan Bağı” açılıb və parkda görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Şərhlər
Siyasət bölməsinin xəbərləri