Azərbaycandakı dini konfessiyalar ABŞ-nin Azərbaycanla bağlı hesabatını pisləyib


Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəni 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarını qətiyyətlə pisləyib.


Bu barədə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin ABŞ Dövlət Departamentinə ünvanladıqları etiraz bəyanatında qeyd olunub.


"Biz bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik. Etiraz bəyanatımızın məramı Azərbaycan reallıqlarına istinadən obyektiv mövqe ifadə etməkdir. Azərbaycanda hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı prosesinə beynəlxalq ictimaiyyətin humanitar və mənəvi dəstəyini gözlədiyimiz bir zamanda revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk.


Əfsuslar olsun ki, beynəlxalq hüquq çərçivəsində dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlmişdir. Burada diqqət çəkən məqam bundan ibarətdir ki, bir il öncə - 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət bayrağımızın Xankəndində ucaldılması, ölkəmizin müstəqil siyasəti müəyyən dairələri narahat edir.


Biz birmənalı şəkildə bəyan edirik ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyildir. Hesabatdakı iddiaların əksinə, Azərbaycan hüquqi-demokratik, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır", - sənəddə bildirilib.


Bəyanatda vurğulanıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir: "Biz heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirik. Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst icra olunur, dövlət başçımız bayramlarımız və mərasimlərimizə özəl diqqətlə yanaşır, ölkədaxili və beynəlxalq tədbirlərdə nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur. Qeyd olunmalıdır ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-ünün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etmişdir. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlərlə bərabər xristian məbədləri və digər bölgələrdəki qədim Qafqaz alban kilsələri qəsb edilmiş, onların mənşəyi dəyişdirilərək qriqoryanlaşdırılmış, Xocavənd pravoslav kilsəsi isə dağıdılmışdır. Təəccüblüdür ki, bu vandalizm hallarını törətmiş və 30 il ərzində əzəli Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmamış, onu öz “qara siyahısı”na daxil etməmişdir. 2022-ci il hesabatında qeyd olunub ki, Azərbaycan dəfələrlə beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Assambleyasında onilliklər ərzində Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktlarına hüquqi qiymət verilməsi, UNESCO-nun regionda mədəni irsin qorunması məsələlərinin qiymətləndirilməsi və məsləhətləşməsi üzrə müstəqil, şəffaf missiyasını dəstəkləməyə çağırmış, lakin nə UNESCO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası bu təkliflərə hələ də cavab verməmişdir".


"Bizi narahat edən daha bir məsələ 2023-cü il hesabatında erməni dini abidələrinin qorunacağına dair şübhələrin ifadə olunmasıdır. Halbuki ərazilərimiz Ermənistanın işğalında olan dövrdə, müharibə dönəmində və bu gün də Bakının mərkəzi meydanında erməni kilsəsi dövlət tərəfindən qorunmaqdadır, hətta 2010-cu ildə erməni katolikosu şəxsən ziyarət edərək orada ibadət ayini həyata keçirmiş, kilsə nəzdində kitabxana ilə tanış olmuşdur. ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus dini abidələrin dağıdılması faktlarını araşdırmağı məsləhət görərdik. Sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır.


Hesabat tərtib edənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın dinlərarası mühitini, dini vəziyyətini izləmək üçün həyata keçirilən gündəlik tədbirlərdə iştirak etmək, dini konfessiyaların həyat və fəaliyyəti ilə yerində tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmək lazımdır. Əminik ki, diplomatik korpus nümayəndələrinin azad olunmuş Şuşaya və s. şəhərlərinə çoxsaylı səfərlərində amerikalı diplomatlar da iştirak etsəydilər orada məscidlərlə yanaşı xristian və digər dinlərə məxsus məbədlərin necə qayğı ilə bərpa olunduğunun canlı şahidi olardılar və ABŞ diplomatlarının hesabatlarında bu faktlar öz əksini tapardı. Azərbaycanı peyklər vasitəsilə deyil, dost səfərləri ilə öyrənmək saxta, məkrli erməni qarayaxmalarının təsirindən azad, obyektiv münasibət nümayiş etdirməni təmin edərdi.


ABŞ dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan salınmasında, beynəlxalq siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında maraqlı olan anti-Azərbaycan lobbiçilərin, eləcə də erməni revanşist təbliğatının nəticəsidir və bölgədə sülhün əldə olunması işinə xələl gətirir.


Aşkar faktdır ki, Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını işğaldan qurtardıqdan və 2023-cü ildə öz qanuni əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra erməni kilsəsinin rəhbərləri revanşizmin önündə gedir, aktiv şəkildə nifrət çağırışları ilə etnik dözümsüzlüyü təşviq edir, aqressiv sepratizmi dəstəkləyirlər. Erməni dini liderləri öz xalqını sülhə dəvət etmək əvəzinə yeni müharibələrə, özgə ərazilərini işğala çağırırlar ki, bu da fundamental insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə ziddir.


Hesabatda ölkəmizin dini kəsimində məzhəb ayrı-seçkiliyi ilə bağlı əsassız iddiaları, o cümlədən həqiqəti əks etdirməyən uydurma “statistikanın” müxtəlif xarici ölkə, beynəlxalq qurum hesabatlarına məkrli şəkildə daxil olunmasını qeyri-etik və təxribat hesab edirik. Dinlərarası harmoniya mühiti, multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə tanınan Azərbaycanın son dövrlərdə birtərəfli erməni mövqeyindən çıxış edən qüvvələr və dini amildən fəal istifadə edən dairələr tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyir, bu manipulyasiya hallarına son qoymağa çağırırıq. ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edirik", - sənəddə qeyd olunub.


Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.




Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri