Azərbaycan baş nazirinin müavini: “Dağlıq Qarabağ probleminin sonu yaxınlaşmaq üzrədir”
- 30.08.2013, 15:35,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Baxmayaraq ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə bu problemin həllini uzadır, problemin sonu yaxınlaşmaq üzrədir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Qubadlı rayonunun işğalı tarixinə toxunan Ə. Həsənov bildirib ki, işğal günlərinə yığışmaq təəssüf doğursa da, qalibiyyət uzaqda deyil: “Biz tam əminik ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə mütləq qalibiyyət gününə yığışacağıq. Gün gələcək, bu torpaqlar azad olunacaq. Ölkə prezidenti necə ki, Azərbaycan dövlətini, xalqını bütün dünyaya qısa müddətdə tanıdıb, bütün dünyanın maraq mərkəzinə çevirib, bu problemin də həllinə nail olacaq. Hesab edirik ki, ölkədə bu problemdən başqa ciddi problem qalmayıb. Yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir, o da həllini tapacaq”.
Ə. Həsənov qeyd edib ki, prezident İlham Əliyev ölkədə olan 1 milyon 200 min qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşmasını tam təmin edib, bu kateqoriyadan olan insanların sosial problemləri həllini tapıb: “Bu gün dünyanın bütün münaqişə zonalarında ən yaxşı təminat Azərbaycan qaçqın və məcburi köçkünlərinə aiddir. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da öz çıxışlarında dəfələrlə bəyan edib”.
Ə. Həsənov vurğulayıb ki, ötən il ərzində orta hesabla bir məcburi köçkünə 1350 ABŞ dollarına qədər vəsait sərf olunub: “Son 20 ildə isə bu sahəyə 5,4 milyard dollar sərf olunub. Bunun 81%-i prezident İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Bu ilin sonunadək məcburi köçkünlər üçün tikilən qəsəbələrin sayı 82-yə, köçürüləcək əhalinin sayı isə 180 min nəfər və 35 minə ailəyə çatacaq. Bu işlərin 91%-i son 10 il ərzində həyata keçirilib. Yəni bu qədər işləri görən prezident mütləq bu torpaqların azad olunmasına nail olacaq. Biz də mütləq yaxın gələcəkdə sizlərlə həmin torpaqlarda görüşəcəyik”.