Azərbaycanda 5 150 000 seçiciyə bildiriş vərəqəsi göndəriləcə

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası haqqında qərar verib.

APA-nın məlumata görə, qərarda Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməsi göstərişi öz əksini tapıb.

Qərarda bildirilib ki, MSK-nın 5 iyun 2013-cü il tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na uyğun olaraq bildirişlərin forması, sayı və hazırlanmasına dair tələblər Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır. Ona görə də seçici, onun ünvanı və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildiriş nümunəsi hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla Milli Məclis Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.

MSK yuxarıda qeyd edilənləri əsas götürərək, qərara alıb ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin. Eyni zamanda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5.150.000 (beş milyon yüz əlli min) ədəd müəyyən edilərək Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
Şərhlər
Siyasət bölməsinin xəbərləri