Neftin qiyməti 150 dollar/barelə çata bilər

Qərb hərbi koalisiyası tərəfindən Suriyaya qısamüddətli hücum həyata keçirilərsə, dünya bazarında «Brent» markalı neftin qiyməti 120-130 dollar/barel səviyyəsinə kimi bahalaşa bilər.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə «Bank of America Merrill Lynch» tərəfindən hazırlanmış analitik materiallarda bildirilir.

Materiallara əsasən, Suriyada Vyetnam ssenarisi ilə irimiqyaslı quru qoşun əməliyyatları aparılarsa, neftin 50 dollar bahalaşacağı gözlənilir və nəticədə, «Brent» markalı neftin qiymətinin təxminən 1 aya 125-140 dollar civarında olacağı proqnozlaşdırılır.

«BofA Merrill Lynch»dən bildirilib ki, Suriya neft ölkəsi olmasa belə, beynəlxalq münaqişə Rusiya, İran və Yaxın Şərq ölkələrinin sözügedən mübahisəyə müdaxilə etməsinə gətirib çıxaracaq. Məhz bu səbəbdən neftin qiymətinin kəskin artacağı bildirilir.

Qeyd edək ki, artıq Fransanın «Societe Generale» bankı da oxşar proqnoz hazırlayıb. Proqnozda bildirilir ki, yaxın gələcəkdə «Brent» markalı neft 120-125 dollar/barelə qədər bahalaşacaq və Suriyadakı hadisələr inkişaf edərsə, xam neftin qiyməti 150 dollaradək yüksələ bilər.

Xatırladaq ki, ötən gün ICE London qitələrarası birjasında «Brent» markalı neftin 1 barelinin dəyəri 1,45 dollar və ya 1,3% azalaraq 115,16 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 1,30 dollar və ya 1,2% azalaraq 1 barelə görə 108,80 dollar təşkil edib.

Ümumiyyətlə, son 3 ay ərzində Suriya və Misirdə baş verən hadisələr nəticəsində dünya bazarında xam neftin qiyməti 15% artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri