Bu gün Azərbaycanda Prezident seçkiləri çərçivəsində səsvermə prosesi yekunlaşıb.
Saat 19.00-da seçki məntəqələrində səsvermə prosesinə yekun vurulub.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılıb.