Bu ilin yanvar ayında Azərbaycanın təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5 % artıb.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bunun 1,1 milyard kubmetri Avropaya, 0,8 milyard kubmetri Türkiyəyə, 0,4 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, bu dövr Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəyə 0,4 milyard kubmetr qaz nəql edilib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu, 2022-ci illə müqayisədə 5,3 % çoxdur. Avropaya təbii qaz ixracı 3,5 % artırılaraq 11,8 milyard kubmetrc təşkil edib. Azərbaycandan Türkiyəyə qaz satışı 13,1 % artırılaraq 9,5 milyard kubmetr, Gürcüstana isə dəyişməyərək 2,5 milyard kubmetr təşkil edib.
Ötən il Türkiyəyə TANAP ilə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eynidir.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Report