“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib



“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.


Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.


Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.


Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.


Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.


Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.


Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

Şərhlər
İdman bölməsinin xəbərləri