Azərbaycan və Gürcüstan Kür çayı hövzəsinin mühafizəsi üçün fəaliyyət planı hazırlayıb



Kür çayı hövzəsinin mühafizəsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi məqsədilə Azərbaycan və Gürcüstan arasında Birgə Fəaliyyət planı hazırlanıb.


Bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.


Bildirilib ki, Fəaliyyət Planında Kür çayına qoşulan kiçik çayların keyfiyyət və kəmiyyət göstəricilərinin və Kür çayı hövzəsində daşqın və quraqlıq risklərinin qiymətləndirilməsi nəticələrinin mübadiləsi, habelə hövzənin su ehtiyatlarının birgə keyfiyyət və kəmiyyət monitorinqlərinin aparılması kimi məsələlər nəzərdə tutulub.


Bundan başqa, ötən il Kür çayına kanalizasiya və çirkab sularının axıdılması ilə bağlı aparılan monitorinqlər zamanı çaya birbaşa və ya dolayısı ilə təmizlənməmiş tullantı sularını axıdan müəssisə və təşkilatlar aşkar olunub. Xüsusilə Tərtərçay, Xaçınçay, Qoşqarçay, Qarqarçay və Gəncəçay çayları ilə Kür çayına tökülən çirkab sularının axıdılmasının qarşısının alınması üçün əksəriyyəti fiziki şəxslər adına olmaqla akt və protokollar tərtib olunub, çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib.


Kür çayı boyu yerləşən şəhərlərdə formalaşan tullantı sularının idarə edilməsi üçün kollektorların və tullantı su təmizləyici qurğuların inşası nəzərdə tutulub. Artıq Ağstafa, Qazax, Tovuz şəhərlərində kollektorlar və təmizləyici qurğular inşa edilib.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri