Dünya Bankı: Azərbaycanda ortamüddətli perspektivdə cari hesabın profisiti ÜDM-in 7,5 %-ini təşkil edəcək

Azərbaycanın ortamüddətli perspektivdə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7,5 %-i həcmində proqnozlaşdırılır, buna əlverişli enerji qiymətləri təsir edir, eyni zamanda idxal artımının sabitləşəcəyi gözlənilir.


Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.


Dünya Bankının oktyabr proqnozuna əsasən, bu rəqəmin 2024-cü ildə ÜDM-in 13,5 %-i, 2025-ci ildə isə ÜDM-in 13 %-i olacağı gözlənilirdi.


“2024-cü ildə pul köçürmələrinin daha da azalacağı gözlənilir. Təbii qaz şirkətlərindən kapitalın repatriasiyası yüngülləşdiyi üçün maliyyə axını əhəmiyyətli dərəcədə azalıb. Ölkənin güclü xarici mövqeyi Azərbaycan Mərkəzi Bankına valyuta ehtiyatları toplamağa imkan verib ki, bu da 2023-cü ildə 29 % artaraq 11 milyard ABŞ dolları təşkil edib”, - hesabatda deyilir.


Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 milyon ABŞ dolları və ya ÜDM-in 11,5 %-ni təşkil edib. 2022-ci illə müqayisədə profisit 64,5 % və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə əlaqədardır.


Tədiyyə balansına əsasən, 2023-cü ildə neftin orta qiyməti 2022-ci ildəki bir barel üçün 103,7 ABŞ dollarına qarşı 85,9 ABŞ dolları təşkil edib.


Neft-qaz sektorunda profisit 17 milyard 91,5 milyon ABŞ dolları (40,4 % azalma), qeyri-neft sektorunda isə 8 milyard 762,1 milyon ABŞ dolları (68,9 % artım) təşkil edib.



Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri