İran Suriyadakı səfirliyinə hücuma görə İsrailə cavab verəcəyi barədə ABŞ-yə siqnal ötürüb.
İran mənbələri bu istiqamətdə tələskən addım atılmayacağını da bildirib.
Mənbə onu da diqqətə çatdırıb ki, İranın ABŞ-yə mesajını xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar günü Körfəz dövləti olan və tez-tez Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Omana səfəri zamanı çatdırıb.
Məsələ ilə bağlı ABŞ-yə sorğu göndərildikdə isə Ağ Evin sözçüsü İrandan gələn hər hansı mesajı şərh etməkdən imtina edib, lakin bildirib ki, Birləşmiş Ştatların İran səfirliyinə hücumda iştirakı olmayıb.
ABŞ kəşfiyyatına yaxın bir mənbə isə Oman vasitəsilə ötürülən mesajdan xəbərsiz olduğunu, lakin İranın Dəməşqdəki səfirliyinə hücuma cavabının “kontrollu” və “qeyri-eskalativ” olacağını ifadə edib.
Qeyd edək ki, aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin binasına hücum olub. Bir neçə gün əvvəl ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqların yekunlarına dair mətbuat konfransında İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra etdiyi xəbərdarlıqları fonunda İsraili qorumaq üçün ABŞ-nin hər şeyi edəcəyini vurğulayıb.
“Report”, “Reuters”