Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Bu barədə mediaya Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan tərəfinin İcraçı Qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib.
Ə.Əsədov tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib. Keçən il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.