Bu gündən Azərbaycanda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə başlanır

Bu gündən etibarən Azərbaycanda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə başlanır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bu standartın əsas məqsədi məktəblərdə göstərilən iaşə xidmətinin günün tələblərinə cavab verəcək şəkildə yerinə yetirilməsi, təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə bu standartların icrası məcburidir.

Standartda təhsil müəssisələrində qidanın tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə, təhlükəsizliyinə və qidanın qəbul şəraitinə, qidalanmanın təhlükəsizliyinə və keyfiyyətinə, istifadə olunan qabların təhlükəsizliyinə, həmçinin əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normalarının ödənilməsi üçün tələblər müəyyənləşdirilib.

Standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunub.

Dövlət Komitəsi ictimaiyyət tərəfindən geniş marağa səbəb olduğuna görə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan qida məhsullarının siyahısını və ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını da açıqlanıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri