“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri rəsmi açıqlamalara əsaslanaraq 2024-cü ilin noyabrına, yəni Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını mümkün sayırlar.
Bu barədə agentliyin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.
Bildirilib ki, Azərbaycan regionda dəyişən geosiyasi vəziyyət fonunda Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir:
“Sülh sazişinin imzalanması ilə bağlı mübahisəli məsələlərdən biri sərhədlərin demarkasiyası prosesidir. Ermənistan hökuməti daha əvvəl Azərbaycanın bir neçə sərhədyanı kəndini ona qaytarmaqla bağlı tələbləri ilə razılaşıb. Bu, Ermənistanda ictimai etirazlara səbəb olub. Nəticədə etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər”.
Qeyd edilib ki, hər iki tərəf Avropa və MDB-yə üzv ölkələrin bir sıra paytaxtlarında baş tutan ikitərəfli danışıqları intensivləşdirib:
“Rəsmi açıqlamalar 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29-a qədər sülh sazişin imzalanmasının mümkün olduğunu deməyə əsas verir”.
Report