Zakir Qaralov avtoşlarla bağlı Milli Məclisə müraciət etdi
- 30.04.2013, 10:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda avtoxuliqanlıq edənlərə qarşı cəzalar sərtləşdirilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 296-1-ci (Avtoxuliqanlıq) maddəsinə dəyişiklik ediləcək.
Belə ki, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq olunacaq.
Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on gündən on beş günədək) inzibati həbs tətbiq ediləcək.
Qeyd edək ki, müvafiq dəyişiklik layihəsi Milli Məclisə (MM) ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub. MM-ə daxil olan məktubda layihənin Ədliyyə, Daxili İşlər nazirlikləri və Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırıldığı bildirilib.
ANS