Qubadlı-Eyvazlı avtomobil yolunun inşa işlərinin 75 %-i icra olunub



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qubadlı-Eyvazlı avtomobil yolunun inşasını yüksək keyfiyyətlə davam etdirir.


LIVE.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.


Bildirilir ki, 28,5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun olaraq inşa edilir.


“Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi” layihəsinə uyğun olaraq çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, daha sonra xüsusi texnikaların köməyi ilə pnevmatik çəkiclərdən istifadə edilməklə qırıcı üsulu ilə qaya süxurları dağıdılaraq yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.


Digər ərazilərdə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün qazma, əks dolğu, dağ yamaclarının kəsilərək və layihə səviyyəsinə gətirilərək yeni yol yatağının inşası icra olunur.


Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır. Lazımi qruntdan istifadə olunmaqla lay-lay kipləşdirilən yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir.


Yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.


Yeni inşa edilən yol boyunca müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Bundan başqa layihə boyunca 16 km uzunluğunda drenaj sistemi də inşa edilir.


Layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122.4 metr uzunluğa malik 4 aşırımlı və 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub.


Layihə üzrə ümumilikdə görülmüş işin fiziki tərəqqisi 75% təşkil edir.


Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.



Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri