"Sevirəm" parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar bir sıra evlərin söküntüsü həyata keçirilir



Paytaxtın Xətai rayonu ərazisində "Sevirəm" parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar bir sıra evlərin söküntüsü həyata keçirilir.


LIVE.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.


Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.


Onun sözlərinə görə, həmin ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi: “Hazırda Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür”.


Qeyd edək ki, hazırda Bakı ərazisində 10 meqaparkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. “Sevirəm” park kompleksi isə 2016-cı ildə salınıb. 3,2 hektar ərazidə salınan parkda 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Şərhlər
Dünya bölməsinin xəbərləri