Rusiya və Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu əlaqəsinin inkişafı məsələlərini müzakirə edir.
Bu barədə "PRAYM-TASS" Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuka istinadən məlumat yayıb.
“Söhbət dəmir yolu əlaqəsinin inkişafından gedir. Əlbəttə ki, Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsinin tamamlanması məsələsi həmişə müzakirə olunur. Bu da regionda əlaqəni və İranın Bəndər Abbas limanlarına, ilk növbədə, Fars körfəzinə dəmir yolu çıxışını təmin edəcək”, - o bildirib.
İki ölkə prezidentinin görüşü bu gün Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub. Baş nazirin müavini qeyd edib ki, bu danışıqlarda “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması planlarının həyata keçirilməsi ilə bağlı praktiki söhbət aparılıb.
A.Overçuk əlavə edib ki, Azərbaycan-Rusiya sərhədindəki keçid məntəqələri vasitəsilə nəqliyyatın təşkili ilə bağlı artıq Azərbaycanla birgə hissə həyata keçirilib: “Azərbaycan tərəfində isə çox böyük infrastruktur inkişafı gedir, Rusiya ilə sərhəddən Bakıya qədər müasir böyük avtomobil yolu işə salınıb və o, Bakıdan İranla sərhədə qədər əvvəllər mövcud olan müasir yolla birləşir”.
Onun sözlərinə görə, İran da bu layihəyə maraq göstərir, ölkə ciddi tranzit ölkəyə çevrilir.
Baş nazirin müavini əlavə edib ki, eyni istiqamətdə avtomobil yolu ilə yükdaşımalar xeyli artır və bu gün onun artımı üçün faktiki olaraq heç bir infrastruktur məhdudiyyəti yoxdur.
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Report