Azərbaycanın dövlət borcu 22,7%-ə qədər artırılacaq.
Bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin ölkə üzrə reytinq qiymətləndirməsində bildirib.
“2023-cü ildə əvvəllər daxili zəmanət verilmiş borcun tanınması səbəbindən dövlət borcunun 10 bənd artaraq ÜDM-in 21,8%-nə çatmasından sonra 2026-cı ilə qədər dövlət borcunun cüzi şəkildə ÜDM-in 22,7%-nə qədər artacağını proqnozlaşdırırıq ki, bu da Fitch-in investisiya səviyyəli suverenləri arasında ən aşağı göstəricilərdən biridir”- reytinq agentliyi qeyd edib.
“Fitch” əlavə edib ki, son illərdə xarici borc mütləq şəkildə azalıb, valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorların payına düşür. Xarici hökumət zəmanətləri və borclanma 2022-ci ildəki 6,4 milyard ABŞ dollarından 2023-cü ildə 6 milyard ABŞ dollarına kimi (ÜDM-in 8,2%-i) azalıb, bunun böyük hissəsi gəlirli və suveren dəstəyi tələb etməyəcək Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır.