Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən daxili likvidliyin və valyuta tələbinin idarə edilməsi potensialının gücləndirilməsi və alətlərin genişləndirilməsi bank sektorunun sağlamlaşdırılmasına töhfə verib.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
"O cümlədən Mərkəzi Bank tərəfindən xarici borcun və maliyyə dollarlaşması səviyyəsinin (2024-cü ilin mayında 40 %-lik göstərici ilə 2015-ci ilin sonundakı 81,6 %-lik yüksək həddin yarısından daha az olub) endirilməsi ilə valyuta riskinə qarşı həssaslığın azaldılması makro-maliyyə sabitliyinə risk yaratmadan və ya suveren balansın əhəmiyyətli dərəcədə aşınmasına yol vermədən de-fakto sabitliyi qorumaq qabiliyyətini artıracaqdır", - "Fitch Ratings"in analitikləri hesab edir.
Hesabata görə, AMB aralıq əməliyyat hədəfi kimi valyuta məzənnəsindən istifadə edir: "Mərkəzi Bank 2022-ci ildən artıq daxili likvidliyi idarə etmək və əsas siyasət dərəcəsinin ötürücülüyünü artırmaq imkanlarını təkmilləşdirib".
"Fitch Ratings" həmçinin qeyd edir ki, AMB may ayından etibarən yumşaldıcı pul siyasət dövrünü dayandırıb: "Biz tənzimlənən qiymətlərin artması və Azərbaycanın 2024-cü il üçün dürüstləşmiş büdcəsində dövlət xərclərinin proqnozlaşdırılan artımı səbəbindən gözlənilən inflyasiya artımını nəzərə alaraq əlavə uçot dərəcəsinin endirimini gözləmirik".
Reytinq agentliyi hesab edir ki, illik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın hədəf diapazonundan (4 % ± 2 faiz bəndi) aşağı olub və 2024-cü ildə orta hesabla 3,5 % təşkil edəcək, 2026-cı ilə qədər isə 4,7 %-ə qədər artacaq ki, bu da "BBB" medianı üçün proqnozlaşdırılan 2,5 %-dən yüksəkdir.
Report