Azərbaycanda yol nişanlarının çatışmazlığı problemi var
- 02.09.2013, 13:08,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda yeni salınan yollarda yol nişanları ilə bağlı demək olar ki, problem yoxdur. Amma köhnə yollarda və ya yerli əhəmiyyətli yollarda yol nişanlarının çatışmazlığı var.
Bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, məsələ ilə bağlı BDYPİ-nin Hərəkətin təşkili şöbəsi tərəfindən müvafiq addımlar atılır, şöbə müvafiq dövlət orqanı qarşısında məsələ qaldırır:
"Nəqliyyat Nazirliyi tərəfindən yeni inşa olunan yollarda yol nişanları qoyulur. Amma həqiqətən Azərbaycanda yol nişanlarının çatızmazlığı hiss olunur. Bunlar birbaşa qəzaların baş verməsinə səbəb ola biləcək qədər olmasa da, müəyyən yerlərdə onların çatışmazlığı problemi həqiqətən var."
Bundan əlavə, Kamran Əliyev qeyd edib ki, bəzən yol nişanları müxtəlif səbəblərdən yararsız hala düşür. Bununla bağlı yol polisi əməkdaşları xidmət etdikləri ərazidə bu cür hallarla rastlaşırlarsa, onlar raport şəklində məruzə edirlər və həmin ərazidə yol nişanlarının dəyişdirilməsi istiqamətində zəruri tədbirlər görülür:
"Ola bilər ki, gecə vaxtı hansısa avtomobil yol nişanına dəyərək onu sıradan çıxarıb, nişan hansısa səbəbdən yararsız hala düşüb və ya kimsə nişanı qanunsuz olaraq çıxarıb. Belə hallar olur. Amma istənilən halda yol patrul xidmətinin əməkdaşları xidmət etdikləri ərazilərdə yol nişanlarının vəziyyətinə diqqət etməlidirlər."