KİV: Böyük Britaniyalı milyarder İtaliyada gəmi qəzasından sonra itkin düşüb



Böyük Britaniyalı biznesmen Maykl Linç İtaliyanın Siciliya adasının sahillərində yelkənli gəminin qəzaya uğramasından sonra itkin düşüb.


Bu barədə “Reuters” agentliyi axtarış-xilasetmə əməliyyatına yaxın mənbəyə istinadən məlumat yayıb.


“The Daily Telegraph” qeyd edir ki, iş adamının qayıqda olan həyat yoldaşı Encela Bakares xilas edilib.


ANSA agentliyinin məlumatına görə, göyərtəsində 22 nəfərin olduğu 56 metr uzunluğundakı yelkənli “Bayesian” gəmisi bazar ertəsi səhər Palermo şəhəri yaxınlığında batıb. Yaxta Britaniya bayrağı altında üzüb, sərnişinlər əsasən Böyük Britaniya, eyni zamanda Yeni Zelandiya, Şri Lanka, İrlandiya vətəndaşları, eləcə də Britaniya-Fransa ikili vətəndaşlığa malik şəxs olub.


Sahil mühafizəsi 15 sərnişini, o cümlədən 1 yaşlı uşağı xilas edə bilib. O, Palermo Uşaq Xəstəxanasına çatdırılıb. Qəza yerində dalğıclar sərnişinlərdən birinin meyitini aşkar ediblər. altı nəfər, o cümlədən, dörd britaniyalı hələ də itkindir. Batan gəmi sahildən təxminən 800 metr məsafədə və 49 metr dərinlikdədir.


Agentlik bildirib ki, adanın qayığın batdığı sahil ərazisində daha əvvəl qasırğa olub.


Qeyd edək ki, Linç yüksək texnologiyalar sahəsindəki fəaliyyətinə görə vətənində tez-tez “Britaniyalı Bill Geyts” adlandırılırdı. O, 2011-ci ildə nəhəng “Hewlett-Packard” (HP) tərəfindən təxminən 11 milyard ABŞ dollarına alınan “Autonomy” texnologiya şirkətinin yaradıcılarından biridir . Bu saziş iş adamına 800 milyon ABŞ dollarından çox qazandırmışdı.

Şərhlər
Dünya bölməsinin xəbərləri