Taleh Ziyadov: “Son 5 ildə Xəzərin səviyyəsi 1 metr azalsa da, hazırda sabitdir”

Xəzər dənizinin dayazlaşması məsələsi təkcə bir liman və ya ölkə üçün əhəmiyyət kəsb etmir, həm də beş Xəzəryanı dövlətin maraqlarına toxunur.


Bu barədə  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.


O vurğulayıb ki, Azərbaycan Prezidenti dəfələrlə müxtəlif beynəlxalq platformalarda bu problemə diqqət çəkib.


“Xəzər hövzəsinin dayazlaşması Amazon hövzəsi kimi regionlardan fərqli olaraq, beynəlxalq aləmdə haqqında çox az danışılan qlobal problemdir. Bu, daha geniş yanaşma tələb edən ciddi çağırışdır”, - T.Ziyadov qeyd edib.


Onun sözlərinə görə, problemin səmərəli həlli üçün suyun səviyyəsinin azalmasının səbəbləri diqqətli şəkildə təhlil edilməlidir.


“Bunun Volqa-Don kanalı, Kür çayının işi və yaxud dəniz səviyyəsinə təsir edə bilən temperaturun yüksəlməsi və s. iqlim dəyişiklikləri ilə əlaqəli olub-olmadığını bilmək lazımdır”, – baş direktor əlavə edib.


T.Ziyadov vurğulayıb ki, son 5 ildə Xəzər dənizində suyun səviyyəsi 1 metr azalsa da, hazırda sabit olaraq qalır: “Ümid edirik ki, region ölkələrinin birgə səyləri suyun səviyyəsini indiki səviyyədə saxlamağa və hətta artırmağa kömək edəcək”, - o əlavə edib.





Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri