ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Suriyada Amerika hərbçilərini ziyarət edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı general Maykl Kurilla dekabrın 10-da Suriyada Amerika hərbçilərini ziyarət edib.


Bu barədə komandanlığın sosial şəbəkə hesabında bildirilib.


“Dekabrın 10-da general Kurilla Suriyada bir neçə bazada Amerika hərbi komandanları və hərbçiləri, həmçinin İŞİD-ə qarşı mübarizədə tərəfdaşımız olan “Suriya Demokratik Qüvvələri”ni ziyarət edib. O, qüvvələrin müdafiəsi tədbirləri, sürətlə dəyişən vəziyyət və İŞİD-in mövcud vəziyyətdən sui-istifadə etməsinin qabaqlanmasına yönəlmiş səylər haqqında birbaşa məruzə alıb”, – komandanlığın paylaşımında qeyd olunub.


Bundan başqa, məlumata görə, general Kurilla Suriyaya səfərindən sonra Bağdada səfər edib, burada İraq Baş naziri Məhəmməd əs-Sudani və hərbi rəhbərliyi ilə regional təhlükəsizlik, İŞİD-ə qarşı əməliyyatlar və koalisiya ilə əməkdaşlıq məsələlərini müzakirə edib. O həmçinin bölgədə İŞİD təhdidinin aradan qaldırılması üzrə cari missiyanı təhlil etmək üçün “Sarsılmaz qətiyyət” əməliyyatının komandanı ilə görüşüb.


Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildə xüsusilə İŞİD-dən qaynaqlanan terror təhlükəsi ilə mübarizə aparmaq üçün Suriyada hərbi əməliyyata başlayıblar. Beynəlxalq koalisiya çərçivəsində fəaliyyət göstərən Qərb ölkələri əhəmiyyətli uğurlara imza atıb, o cümlədən əvvəllər terrorçuların nəzarətində olan ərazilərin azad edilməsində rol oynayıblar.


Əməliyyat o vaxtkı Bəşər Əsəd hökumətinin razılığı olmadan aparılsa da, koalisiya iddia edir ki, onların fəaliyyəti ekstremizmin daha da yayılmasının qarşısını alıb və regionda zorakılıq səviyyəsinin azalmasına kömək edib. Qərb qüvvələrinin mövcudluğu Suriyanın suverenliyinin pozulmasına görə tənqid olunur, lakin ABŞ və müttəfiqləri terror qruplaşmalarının qalıqları ilə mübarizənin və onların dirçəlməsinin qarşısının alınmasının vacibliyini vurğulayırlar.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri