Ümumvətəndaş pasportu hansı halda dəyişdirilirəməsi qaydaları
- 03.09.2013, 02:20,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ümumvətəndaş pasportların yeni qaydalarla verilməsinə başlanılıb. Yeni qaydalara görə, vətəndaşlar ümumvətəndaş pasportunu artıq 15 yaşdan ən geci 10, ən tezi 1 gün müddətinə ala bilərlər. Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Rüstəm Zeynalov jurnalistlərə bildirib ki, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunla tənzimlənir.
R.Zeynalov bildirib ki, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Hüquq məsləhətçisinin sözlərinə görə, vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün aşağıdakı sənədləri növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir:
Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı); dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Zeynalovun sözlərinə görə, pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu; təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır); qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur); valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd də təqdim edilməlidir: "15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır".
Qanundakı yeniliklərdən biri də əl-barmaq izlərinin götürülməsi ilə bağlıdır. Belə ki, pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
R.Zeynalov bildirib ki, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir. Pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən aşağıdakı sənədlər əsasında həyata keçirilir:
ümumvətəndaş pasportu dəyişdirilməsi haqqında ərizə-anket (bundan sonra - ərizə- anket); vətəndaşın şəxsiyyət vəsiqəsi (15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı); dövlət rüsumunun ödənilməsi barədə sənəd.
15 yaşı tamam olmamış vətəndaşın pasportu dəyişdirildikdə isə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur); valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd təqdim olunmalıdır.
Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.
Hüquq məsləhətçisinin sözlərinə görə, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra "Dövlət rüsumu haqqında" qanunla nəzərdə tutulmuş məbləğdə ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 10, 5, 2 və ya 1 iş günü müddətində verilir və ya dəyişdirilir.
"Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
bir yaşınadək uşaqlar üçün - 10, bir yaşından üç yaşınadək uşaqlar üçün - 20, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30, on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat dövlət rüsumu ödənilməlidir.
Pasport beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün - 20, bir yaşından üç yaşınadək uşaqlar üçün - 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 60, on səkkiz yaşına çatmış vətəndaşlara - 80 manat rüsum tələb olunur.
Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün - 40, bir yaşından üç yaşınadək uşaqlar üçün - 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 120, on səkkiz yaşına çatmış vətəndaşlara - 160 manat dövlət rüsumu tələb olunur.
Yeni sənəddə, həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün bir, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 3, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 5, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə veriləcək.
R.Zeynalov deyir ki, ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir: "Vətəndaş pasportunu itirərsə və ya qəsdən korlayarsa İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir".