"Arsenal" ən bahalı transfer rekordunu qırdı

İngiltərənin "Arsenal" futbol klubu "Real Madrid"in futbolçusu Məsut Özili heyətinə cəlb edib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, London təmsilçisi 24 yaşındakı türk əsilli futbolçu ilə 5 illik müqavilə imzalayıb. M.Özili 42,4 milyon funt sterlinqə heyətinə qatan "Arsenal" eyni zamanda kluba məxsus transfer rekordunu qırıb. Belə ki, komanda tarixi ərzində ən bahalı transferini 2009-cu ildə 15 milyon funt sterlinqə Rusiyanın "Zenit" klubundan Andrey Arşavini alaraq həyata keçirmişdi.

Qeyd edək ki, Almaniyanın Gelzenkirhen şəhərində anadan olan M.Özil 2006-2008-ci illərdə "Şalke", 2008-2010-cu illərdə "Verder Bremen" və 2010-cu ildən bu yana "Real Madrid" komandalarının formasını geyinib.

Özil Madrid təmsilçisi ilə 2011-2012-ci il mövsümündə İspaniya çempionu olub, həmçinin Kral Kuboku və İspaniya Super Kubokunu başı üzərinə qaldırıb. 24 yaşındakı futbolçu Almaniya millisində 47 oyun keçirib, 14 dəfə fərqlənib.

Bu vaxta qədər "Real Madrid"dən ayrılan ən bahalı futbolçu 43 milyon avro müqabilində "Mançester Siti"yə gedən Robinyo olsa da, Məsut 45 milyon avro ilə bu rekordu qıraraq İspaniya klubunun xəzinəsinə ən çox pul gətirən oyunçu kimi də tarixə düşüb.
Şərhlər
İdman bölməsinin xəbərləri