“UniCredit” şirkəti “Commerzbank”ı tam “ələ keçirməyi” planlaşdırır

“Commerzbank AG” bir neçə min işçini ixtisar etməyi düşünür.


Bu barədə “Financial Times” yazıb.


Mənbələrin bildirdiyinə görə, şirkət rəhbərliyi yaxın həftələrdə işçi şurasına ixtisar planını təqdim etməyi planlaşdırır.


“Commerzbank”ın yeni baş direktoru Bettina Orlopp fevralın 13-də bankın yenilənmiş strategiyasını təqdim etməli və investorlara onun gəlirliliyi təkmilləşdirə və səhmdarların ödənişlərini artıra biləcəyini göstərməlidir.


2024-cü ildə İtaliyanın “UniCredit” şirkəti “Commerzbank”da böyük pay alıb və bankı tam “ələ keçirməyi” istisna etmədiyini açıq şəkildə bildirib. Bankın səhmlərinin 12 %-nə sahib olan Almaniya hökuməti istisna olmaqla, “Commerzbank”ın səhmdarları ümumilikdə sövdələşməni dəstəkləyirlər.


Analitiklər iki maliyyə institutunun birləşməsinin onlara, xüsusən də bir-birini təkrarlayan funksiyaları aradan qaldırmaqla əhəmiyyətli xərclərə qənaət etmək imkanı verəcəyini gözləyirlər. Bununla belə, həm Almaniya hökuməti, həm də Almaniyanın həmkarlar ittifaqları bu sazişin Almaniyada kəskin işçi ixtisarına səbəb olacağından ehtiyat edirlər. Çünki “UniCredit”in artıq Almaniyada “HypoVereinsbank” (HVB) adlı bölməsi də var.


Həmkarlar ittifaqları xəbərdarlıq edir ki, 15 minə yaxın iş yeri risk altında ola bilər.


“Commerzbank” 2021-ci ildən bəri minlərlə iş yerini ixtisar edib və 800 filialını bağlayıb. Bu dəyişikliklər banka əməliyyat mənfəətini artırmağa və səhm qiymətini üç dəfə yüksəltməyə imkan verib. 2023-cü ildə “Commerzbank” ilk dəfə səhmlərin geri alınması proqramına başlayıb.


Amma “UniCredit”in marağı Almaniya bankına əlavə təzyiq göstərir. İndi “Commerzbank” İtaliya maliyyə institutunun bir hissəsi kimi yox, müstəqil şirkət kimi də səhmdarlara daha çox dəyər verə biləcəyini sübut etməlidir.




“Report”, “İnterfaks” 

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri