Azad Rəhimov: “10 il əvvəllə müqayisədə Azərbaycanda gənclər siyasətinə ayrılan vəsait 100 dəfə artırılıb”

“Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər artmaqdadır və biz çalışırıq ki, bütün addımlar barədə məlumatları ictimaiyyətə təqdim edək”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov nazirliyin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu müddət ərzində gənclər siyasəti sahəsində 90-dan artıq tədbir həyata keçirilib: “Onlardan 18-i beynəlxalq tipli tədbir 30-dan çox ölkədə keçirilib. İki mindən artıq gənc isə 50 ölkədə keçirilən tədbirlərdə iştirak edib. Nazirliyimiz gənclərlə bağlı 4 televiziya layihəsini dəstəkləyir. Həmçinin, düşərgələrlə bağlı da layihələri davam etdiririk. Bu düşərgələrdə 2600-də çox gənc iştirak edib”.

A. Rəhimovun sözlərinə görə, 10 il əvvəllə müqayisədə Azərbaycanda gənclər siyasətinə ayrılan büdcə 100 dəfə artaraq 25 milyon manata çatıb. 2003-cü ildə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə 245990 manat ayrılmışdısa, 2012-ci ildə bu rəqəm 25 milyon manat təşkil edib.

Nazir deyib ki, nazirlik həmçinin QHT-lərə də dəstək göstərir: “Təhsil alan 197 min tələbəyə vahid tələbə kartı paylanıb. Uğurlu idman layihələrinin təkmilləşdirilməsi üzərində də işlər aparılır”.

Azərbaycanda gənclər mükafatının təsis olunması barədə danışan nazir bunun çox sevindirici hal olduğunu deyib: “Belə düşünürük ki, gənclər mükafatı gələn il də bizim işimizin əsas qayəsini təşkil edəcək”.

Nazir həmçinin, gənclərin seçkilərdə iştirakının vacibliyini də vurğulayıb: “Bu il seçki ilində 600 min gənc seçkidə iştirak edəcək. Bu bizim üçün çox vacibdir. Əsas məqsədimiz odur ki, bu sahədə gəncləri maarifləndirək və onları məntəqələrə cəlb edək. Bunun üçün regionlarda da iş aparılır. Həmçinin, roliklər hazırlanır. Yaxın zamanda bu roliklər ictimaiyyətə təqdim olunacaq”.
Şərhlər
Sosial bölməsinin xəbərləri