İsveç XİN rəhbəri: “Ermənistan Avropa Birliyi ilə danışıqları pozur”

"Ermənistan, çox güman ki, Avropa Birliyi ilə azad ticarət haqqında razılaşmaya dair danışıqlardan imtina edərək Rusiyaya inteqrasiya edir".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün İsveç XİN rəhbəri Karl Bildt bəyan edib.

“Görünür, Ermənistan Avropa Birliyi ilə azad ticarət haqqında müqaviləyə dair danışıqları pozur və əvəzində, 180 dərəcə dönüş edərək, Rusiyaya inteqrasiya edir”, deyə Bildt “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, cari ilin noyabrında Vilnüsdə Avropa Birliyi rəhbərliyinin və AB-nın “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin liderlərinin sammiti keçiriləcək. Sammitdə Ermənistan da daxil olmaqla, bir neçə dövlətlə Assosiasiya sazişinin və “Azad ticarət məkanında dərin və hərtərəfli zonaların tətbiqi”nə dair ilkin razılaşmanın bağlanılması nəzərdə tutulub.

Qeyd edək ki, Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsü 2008-ci ildə Brüsseldə keçirilmiş AB sammitində təsdiqlənib və 2009-cu ildə Praqada rəsmi təsis olunub.

Proqramın məqsədi Avropa Birliyinin Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistanla yaxınlaşmasıdır (AB-nin tərkibinə qəbul olunmadan).
Şərhlər
Dünya bölməsinin xəbərləri