Səhiyyə Nazirliyi: İranda baş qaldıran vəba xəstəliyi Azərbaycana keçə bilər
- 05.09.2013, 17:52,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda geniş yayılan vəba xəstəliyinin Azərbaycana keçmə ehtimalı ola bilər.
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, hər bir xəstəlik müxtəlif vasitələrlə bir ölkədən digərinə keçə bilər. Onun sözlərinə görə, vəba xəstəliyinin də müxtəlif yayılma yolları var: “Vəba qida, kontakt, əsasən də su vasitəsilə yayılır. Normativə cavab verməyən, təmizlənməyən sudan istifadə edilən, içməli su kəmərləri olmayan ölkələrdə insanlar daha çox vəba ilə xəstələnir”.
Ş.Qurbanov qeyd edib ki, vəba xəstəliyinin İranın hansı ərazisində yayılmasını da nəzərə almaq lazımdır. Onun sözlərinə görə, əgər bu xəstəlik İranın Azərbaycanla həmsərhəd zonasında qeydə alınsa, bunun qorxusu ola bilər: “Bundan əlavə, İrandan bəzi çaylar Araza tökülür və kanallar vasitəsilə Azərbaycanın bir sıra ərazilərinə yayılır. Buna görə də qorxulu ola bilər. Amma kiminsə kontakt yolu ilə bu xəstəliyə yoluxması ehtimalı azdır. Hər bir təhlükəli ərazilərə gedən şəxslər ölkəyə qayıtdıqdan sonra onlar sual-cavab edilir, nəzarətdə saxlanılır. Xəstəliyin 5 gün müddətində inkubasiya dövrü olur. Vəbanın da fəsadları qusma və ishaldır. Bu zaman temperatur yüksəlmir, ya normal olur, yada ki aşağı düşür”.
Direktor müavini qonşu ölkələrə gedən Azərbaycan vətəndaşlarının və oradan ölkəyə gələn insanların nəzarətdə saxlanılmasının vacib olduğunu vurğulayıb.
Stansiyanın direktor müavini qeyd edib ki, hər il Azərbaycanda mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Onun sözlərinə görə, Azərbaycan ərazisində vəziyyət hər zaman nəzarət altında saxlanılır.