Bu gündən etibarən Azərbaycanda qeydiyyatsız mobil telefonlardan istifadə mümkün deyil

Bu gündən etibarən Azərbaycanda qeydiyyatsız mobil telefonlardan istifadə mümkün deyilMayın 1-dən etibarən Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi işə salınır.

Live.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, layihəyə mobil rabitə operatorları və ölkənin dövlət qurumları cəlb edilib. Ölkəyə idxal edilən mobil telefonlara nəzarət və qeydiyyat Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Layihənin tənzimləyicisi qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edir.

Layihə çərçivəsində mobil rabitə operatorları tərəfindən IMEI kodların informasiya bazasının formalaşdırılması üzrə zəruri işlər görülüb.

Bundan sonra respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.

Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dədiq məlumat almağa imkan verir.

Yeni sistemin köməyi ilə Azərbaycanda IMEI kodların qeydiyyatı dərhal bir neçə problemi həll edəcək.

Birincisi, oğurluqdur. Polisdən ərizə kifayət edir ki, operator bir dəqiqəyə telefonu xidmətdən tam kənarlaşdırsın. Bundan sonra ondan istifadə etmək sadəcə mümkün olmayacaq.

İkinci problem qeyri-leqal idxaldır. Sərhəddən keçməklə idxal edilən mobil telefonların bütün kodları bazaya yerləşdirilir. Telefonu alan zaman onun IMEI kodunu reyestrlə yoxlamaq lazım olacaq. IMEI kodların yoxlanılması üçün ümumi məlumat bazasına çıxış Imei.az saytı vasitəsilə həyata keçiriləcək. Saytda məlumata ümumi çıxış mövcuddur. Məlumatı əldə etmək üçün, həmçinin *1677 informasiya-sorğu xidməti yaradılıb.

Qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyasının "vahid qlobal qara siyahısı"na qoşulub ki, bu da dünya səviyyəsində mobil telefonların oğurlanması ilə mübarizə aparmağa imkan verəcək.

Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) bazasına əsaslanır. MHM-ə mobil rabitə operatorlarının avadanlığı qoşulub. Mərkəz bazalar, həmçinin Dövlət Gömrük Komitəsində və Naxçıvan Muxtar Respublikasında yaradılıb.

Şəxsi istifadə üçün respublikaya idxal ediləcək mobil telefonların qeydiyyatı xidməti pulsuz həyata keçiriləcək.

Mayın 1-dək operatorların şəbəkəsində istifadə edilən mobil telefonlar avtomatik olaraq "ağ siyahı"ya qoşulub.

Bu gündən etibarən, həmçinin "qara siyahı" işə salınacaq. Bu sıyahıya oğurlanan mobil telefonlar və oxşar IMEI kodları olan qurğular və digər ölkələrdə oğurlanan mobil telefonların IMEI kodları daxil edilib. Müvafiq olaraq, onların operatorların şəbəkəsində işi qeyri-mümkün olacaq.

Həmçinin "boz siyahı" işə salınıb. Bu siyahıya operator şəbəkələrinə qoşulmuş yeni telefonlar haqqında məlumat daxil ediləcək. Həmin telefonların sahibləri öz qurğularını 30 gün ərzində qeydiyyatdan keçirməlidirlər.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri