Bu ilin payız mövsümündə ev şəraitində konservləşdirilmiş məhsuldan ilk qida zəhərlənməsi faktı qeydə alınıb
- 08.09.2013, 00:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin payız mövsümündə ev şəraitində bağlanan konservləşdirilmiş məhsuldan ilk qida zəhərlənməsi faktı qeydə alınıb.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, zəhərlənmə hadisəsi sentyabrın 3-ü Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Onun sözlərinə görə, hadisə nəticəsində qəsəbədə yaşayan Şuşa rayon sakinləri, Zaur Araz oğlu Rəhimov və onun bacısı qızı - 2 yaşlı Fəridə İsgəndər qızı Paşayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: “Həkimlərin səyinə baxmayaraq, Fəridə Paşayevanı xilas etmək mümkün olmayıb və ötən gün dünyasını dəyişib. 35 yaşlı Zaur Rəhimovun vəziyyəti isə ağır kimi qiymətləndirilir”.
Zəhərlənmə hadisəsinin səbəblərinə gəlincə, İ. Abdullayev qeyd edib ki, məsələ mərkəz tərəfindən araşdırılıb və məlum olub ki, hadisəyə ev şəraitində bağlanan “leço” səbəb olub. Belə ki, “leço”nu yeyəndən sonra Z. Rəhimov və bacısı qızında zəhərlənmənin əlamətləri hiss olunmağa başlayıb: “Xəstələr ilkin olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardımlar ediləndən sonra Zaur Rəhimov Kliniki Tibbi Mərkəzə, 2 yaşlı Fəridə Paşayeva isə Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına köçürülüb. Zəhərlənməyə səbəb olan “leço” ev şəraitində hazırlanıb. Biz dəfələrlə deyirik ki, ev şəraitində hansısa konservləşdirilmiş məhsul hazırlanmasın. Çünki vətəndaşlar bir çox halda məhsulların hazırlanma qaydasını bilmirlər. Hansısa müddətdə qaynama aparılıb, sterilizasiya təmin olunmayıb, mühitə hava keçdiyinə görə məhsul mikrobla zənginləşib və ciddi zəhərlənməyə səbəb olub”.
Kliniki Tibbi Mərkəzdən də APA-ya verilən xəbərə görə, Zaur Rəhimov xəstəxanaya sentyabrın 5-də gətirilib. Hazırda xəstənin vəziyyəti ağırdır və gətirilən gündən komadadır.