“Arşın Mal Alan” operettası Los Ancelesdə nümayiş etdirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə sentyabrın 7-də “Arşın Mal Alan” operettası Los Anceles şəhərində böyük uğurla nümayiş etdirilmişdir.

Konsulluqdan APA-ya verilən məlumata görə, dünyanın ən böyük və məşhur opera teatrlarından olan, Los Ancelesin Dorothy Chandler Pavilion opera teatrında keçirilən tamaşada 3000-dən çox Los Anceles sakini iştirak edib.

Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnak, bütün rolların ifaçıları ABŞ-ın tanınmış opera müğənniləridir. Çağdaş tərtibatda təqdim edilən operettanın mahnıları Azərbaycan dilində ifa edilib, dialoqları isə ingilis dilində aparılıb. Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu Hollivud orkestri operettanın musiqisini yüksək ustalıqla ifa edib.

Operettanın 100 illik yubileyinə həsr olunmuş bu tamaşa “Arşın Mal Alan”ın Qərb dünyasında bu miqyasda ilk səhnələşdirilməsidir. “Arşın Mal Alan”ın Amerika tamaşaçısının anlaya biləcəyi dildə təqdim edilməsinə çalışan prodüser M.Şnak bu məqsədlə müxtəlif vasitələrdən istifadə edib, çağdaşlıqla ənənəviliyin vəhdətini yaratmağa çalışıb. Tamaşaçıların gurultulu alqışları bu məqsədlərə nail olunduğunu deməyə əsas verir.

Tamaşanın son toy səhnəsində ifaçılar səhnəyə Azərbaycanın rəngarəng milli geyimlərində çıxıblar. Toy səhnəsinin arxa fonunda isə Azərbaycan musiqisinin beşiyi, “Arşın Mal Alan” əhvalatının keçdiyi Şuşa şəhərinin qala qapılarının görüntüsü əks olunub. Bundan başqa, Azərbaycanın ayrılmaz guşəsi olan Qarabağın müxtəlif tarixi abidələrinin və təbiətinin görüntüləri də arxa fona proyeksiya edilib. Baş konsulluq tərəfindən nəşr edilmiş və tamaşaçıların hamısına paylanılmış tamaşa proqramında Şuşa şəhərinin tarixi və onun Azərbaycan musiqisi və mədəniyyətində oynadığı əvəzsiz roldan ətraflı şəkildə bəhs edilib.

Tamaşadan sonra Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən ziyafət verilib. Los Anceles şəhəri və vilayətinin rəsmilərinin, müxtəlif ölkələrin baş konsullarının, şəhərin ictimai və mədəniyyət xadimlərinin, Hollivud aktyorlarının, rejissorlarının və bəstəkarlarının, universitet professorlarının, KİV nümayəndələrinin və digər şəxslərin qatıldığı ziyafətdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Arşın Mal Alan” operettasının bu nümayişini Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə adlandırıb. Baş konsul uğurla keçən tamaşanı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən və onun rəhbərliyi altında həyata keçirilən mədəniyyət diplomatiyasının zəfəri kimi dəyərləndirib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə çıxış edərək, tamaşanın önəmindən bəhs edib və öz təəssüratlarını bölüşüblər.

Tədbirdə 10 milyonluq Los Anceles Vilayətinin İdarəçilər Şurasının bütün üzvləri tərəfindən imzalanmış təbriknamə baş konsul Nəsimi Ağayevə təqdim edilib. Təbriknamədə Azərbaycanın Los Ancelesin mədəni müxtəlifliyinə verdiyi töhfə yüksək qiymətləndirilir, “Arşın Mal Alan” operettası kimi məşhur əsərin Los Ancelesə gətirilməsinə görə təşəkkür ifadə edilir.

Daha sonra məşhur Hollivud aktyoru, tamaşaçıların “Rokki” filmlərindən Apollo rolunun ifaçısı kimi tanıdığı Karl Vezers (Carl Weathers) çıxış edərək, tamaşadan böyük təəssüratlar aldığını bildirib və bu kimi layihələrin davam etdirilməsinin önəmini vurğulayıb. O, zəngin Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olmaq fürsəti əldə etdiyinə görə baş konsulluğa öz təşəkkürünü bildirib.

Qeyd edək ki, tamaşadan dərhal sonra amerikalı tamaşaçılar müxtəlif internet səhifələrində və sosial şəbəkələrdə operettadan yüksək həzz aldıqlarını, Azərbaycan musiqisindən riqqətə gəldiklərini bildiriblər.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri