Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə qərar alınıb ki, Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilsin.
Bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, dəyişikliklərdə göstərilən əsas məqamlardan biri budur ki, Əsasnamənin 1.4-cü bəndinə əsasən, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə aşağıdakı qaydada həyata keçirilir:
1) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə - ildə bir dəfə;
2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla):
3) istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə;
4) istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə.
Bu bəndin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra növbəti il ərzində nəqliyyat vasitələri bu Əsasnamənin 1.1-ci bəndində göstərilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi üçün təqdim edilməlidir.
Bundan əlavə, aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmurlar:
1) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri - istehsal olunduğu vaxtdan bir il müddətində;
2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində.
Nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müddətlərin qurtardığı il də daxil olmaqla dövlət texniki baxışına cəlb olunmurlar.