ABŞ səfirliyi Ceyms Uorlikin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlikin Bakıya səfəri ilə bağlı məlumat yayıb.

Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, səfir C. Uorlik ATƏT-in Minsk Qrupunun ABŞ həmsədri kimi yeni vəzifəsində bu gün Bakıya səfər edib: “Səfir Uorlik Prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla davamlı sülh prosesini, müdafiə naziri Səfər Əbiyevlə təhlükəsizlik durumunu müzakirə etdi.

O, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərə yardım etmək istəyini və ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya Federasiyası və Fransa ilə birgə işləmək öhdəliyini bir daha vurğuladı”.

Səfirlikdən o da bildirilib ki, səfir Uorlik regionda məsləhətləşmələri davam etdirmək üçün sentyabrın 10-da İrəvana səfər edəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri