İlhamə Quliyeva Nazpəri Dostəliyevadan 700 min manat tələb edir

İlhamə Quliyeva Nazpəri Dostəliyevadan 700 min manat tələb edir Xalq artisti İlhamə Quliyeva xalq artisti Nazpəri Dostəliyevaya qarşı iddiası əsasında Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib.


İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyevanın APA-ya verdiyi məlumata görə, İ. Quliyevanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib.


Vəkil bildirib ki, İ. Quliyeva Nəsimi rayon Məhkəməsinin N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərarı ilə razılaşmayaraq qarşı tərəfin maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsini istəyir.


Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev isə APA-ya İ. Quliyevanın Apellyasiya Məhkəməsinə şikayət etməsi haqqında məlumatlarının olmadığını deyib: “Mən sabah məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olub, məlumat verə bilərəm. Nazpəri xanım Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarla razılaşmayıb Apellyasiya Məhkəməsinə müraciət edib”.


Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi İlhamə Quliyevanın şərəf və ləyaqətə, işgüzar nüfuza zərər vurulması iddiası üzrə Nazpəri Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri