Azərbaycanda yeni aeroport açılıb
- 10.09.2013, 14:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verib ki, Yevlax hava limanında yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilib, aerovağzal müasirləşdirilib, yardımçı bina və tikililər yenidən bərpa olunub.
Hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulub. Diqqətə çatdırılıb ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınıb. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr olub. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilib. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılıb. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulub.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələb və normalarına cavab verən, Avropa istehsalı olan radio və meteoavadanlıq - enmə sistemi, meteosistem, hava hərəkətini idarəetmə sistemi və rabitə sistemi quraşdırılıb. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Hava limanına yeni yol salınıb, böyük abadlıq işləri görülüb.