Samir Şərifov: “Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artıb”
- 10.09.2013, 20:34,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13,0 dəfə (1,5 - 20,1 mlrd. manat), adambaşına düşən xərci isə 11,6 dəfə (185,0 - 2146,0 manat) artıb. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfə artaraq 1,2 mlrd. manatdan 17,3 mlrd. manata çatıb. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 34,8 faiz təşkil etməklə 17,7 faiz artıb.”
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 mlrd. manatdan 17,4 mlrd. manata çatıb: “Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15,0 faiz artıb. Dövlət büdcəsinin cari xərcləri hesabına 2003-2012-ci illərdə sosial təyinatlı xərclərə üst-üstə 20,8 mlrd. manat, o cümlədən “Elm xərcləri”nə 602,2 mln. manat, “Təhsil xərcləri”nə 8133,6 mln. manat, “Səhiyyə xərcləri”nə 2943,9 mln. manat, “Sosial müdafiə və sosial təminat” xərclərinə 7980,5 mln. manat, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” xərclərinə 1179,8 mln manat vəsait ayrılıb”.
Nazir bildirib ki, 2003-cü illə müqayisədə 2012-ci ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri 66,3 dəfə, mənzil-kommunal təsərrüfatı xərcləri 14,9 dəfə, səhiyyə xərcləri 11,0 dəfə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 8,7 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 8,3 dəfə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri 7,8 dəfə, elm xərcləri 7,0 dəfə, təhsil xərcləri isə 6,2 dəfə artıb: “2012-ci ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə nominal ifadədə 7,0 dəfə artaraq 4,7 mlrd. manat olub”.
S. Şərifov qeyd edib ki, 2003-2012-ci illər ərzində Azərbaycanda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması ilə əlaqədar Azərbaycan prezidenti tərəfindən 11 fərman və sərəncam, 2006-2012-ci illər ərzində (yeni pensiya qanunvericiliyinin tətbiqindən sonra) Azərbaycanda əmək pensiyalarının baza hissəsinin artırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 7 sərəncam imzalanıb: “2003-2012-ci illər ərzində dövlət büdcəsindən sosial infrastrukturlarına aid olan elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və sosial təminat obyektlərinin tikintisi, yenidən qurulması və bərpası üçün 3969,0 mln. manat vəsait yönəldilib. Həmin dövrdə elm üzrə ümumi dəyəri 91,0 mln. manat olan 22 obyekt tikilib, 12 obyekt əsaslı təmir və bərpa olunub, 8 obyekt üzrə isə işlər davam edir”.
S. Şərifov vurğulayıb ki, təhsil üzrə ümumi dəyəri 1145,0 mln. manat olan 177 min 576 şagird yerlik 591 məktəbin tikintisi, 265 məktəbdə əsaslı təmir və bərpa-gücləndirmə işlərinin aparılması, 188 məktəbdə 51 min 40 yerlik 2 min 552 əlavə sinif otaqların, 2 min 160 yerlik 22 uşaq bağçasının, 9 təhsil şöbəsi üçün inzibati binanın tikintisi, 154 bağçada əsaslı təmir və bərpa işlərinin aparılması təmin edilib: “Səhiyyə üzrə ümumi dəyəri 515,0 mln. manat olmaqla 17 xəstəxana, 6 tibb mərkəzi, 8 poliklinika, 8 tibb məntəqəsi, 7 ambulatoriya, 9 xüsusi təyinatlı tibb müəssisəsi tikilib istifadəyə verilib, 47 xəstəxanada, 9 poliklinikada, 5 doğum evində, 3 tibb institutu, 2 tibb mərkəzində, 1 tibb məntəqəsində, 10 xüsusi təyinatlı tibb ocağında təmir, bərpa və gücləndirmə işləri aparılıb”.
Nazir bildirib ki, ötən dövr ərzində Azərbaycan Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış 4,3 mlrd. manat vəsait hesabına bütün çadır düşərgələri ləğv edilməklə 31,0 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınıb, 31,0 min ailənin, yaxud 140,0 min nəfərədək qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, digər sosial problemləri həll edilib.