ABŞ-ın Oklahoma Ştatının Azərbaycan Respublikası ilə tərəfdaşlığı barədə bəyanat yayılıb

ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyası 2003-cü ildən Azərbaycanın tərəfdaşıdır və bu münasibətlərin 10-cu ildönümü münasibətilə Oklahoma Ştatının Qubernatoru Meri Folin (Mary Fallin), ştat Senatının prezidenti Brayan Binqman (Brian Bingman) və Senatın üzvü Tom Ayvesterin (Tom Ivester) imzası ilə təntənəli bəyanat yayılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycanın yerləşdiyi mühüm coğrafi məkan, ölkəmizin müsəlman dünyasında ilk parlament respublikası olduğu, hələ 1918-ci ildə qadınlara səsvermə hüququ tanıdığı və müasir Azərbaycanın ABŞ ilə 20 ildən artıq diplomatik münasibətlərə malik olduğu barədə məlumat verilir, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə ABŞ-a tarixi səfərinə istinad edilir və ötən iki onillik ərzində Azərbaycan Respublikasının öz suverenliyi və siyasi müstəqilliyini möhkəmləndirərək, regional və qlobal məsələlərdə ABŞ-ın mühüm strateji tərəfdaşına çevrildiyi açıqlanır.

Bəyanatda Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycan hərbi qüvvələri ilə məhsuldar və çoxşaxəli əməkdaşlığı təqdir edilir və 10 il ərzində 190-dan artıq mübadilə layihəsinin gerçəkləşdirildiyi xatırladılır.

Bəyanat müəllifləri bir daha Azərbaycanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu və ölkəmizin hazırda Əfqanıstanda, daha öncə isə İraq və Balkanlarda beynəlxalq əməliyyatlara dəstək verdiyini vurğulayırlar. Onlar həmçinin ölkəmizin qlobal və Avropa miqyasında enerji təhlükəsizliyinə yetirdiyi töhfəni qiymətləndirir və bu sahədə ABŞ-ın Azərbaycana verdiyi dəstəyi qeyd edirlər.

Bundan əlavə, Azərbaycanda hökm sürən dini və etnik tolerantlığı təqdir edən Oklahoma rəsmiləri təmsil etdikləri ştatın ABŞ və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığının inkişaf etdirilməsinə dəstəyini ifadə edir və ABŞ administrasiyasını ölkəmizlə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə çağırırlar.

Qeyd edək ki, Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maylz Dirinq 10-16 avqust tarixlərində Azərbaycanda rəsmi səfərdə olaraq, Oklahomanın Milli Qvardiyası, habelə Oklahoma ştatı və Azərbaycan arasında əməkdaşlıq imkanlarını müzakirə edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri