Səfir: «Almaniya şirkətləri Azərbaycana böyük maraq göstərir»

«Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da geniş şəkildə inkişaf edəcəyinə inanıram».

APA-nin xəbər verdiyi kimi, bunu bu gün Bakıda işə başlayan I Avropa-Azərbaycan İnvestisiya Konfransında iştirak edən Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Haydrun Tempel bildirib.

«Azərbaycanda bu cür tədbirlərin artıq ənənəyə çevrildiyini görürəm. Təcrübəmə əsasən, deyə bilərəm ki, iqtisadiyyatın diversifikasiyası çox mühüm amildir. Azərbaycan-Almaniya Ticarət Palatasının əməkdaşlığını böyük nailiyyət hesab etmək olar. O cümlədən, 140 alman şirkətinin olması da olduqca yaxşı işarədir. Mən Almaniya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyini görürəm. Mən də bu ölkədə, regionda yeni olduğum üçün hələ ki öyrənirəm», - deyə səfir H.Tempel bildirib.

Qeyd edək ki, konfrans Azərbaycan-Almaniya Ticarət Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Avropa Palataları Assosiasiyasının birgə təşkilatçılığı və Azərbaycan Ticarət-Sənaye Palatasının dəstəyi ilə keçirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri