100-ə yaxın uşağın məktəbin kandarından içəri girə bilib-bilməyəcəyi sual altına düşüb

100-ə yaxın uşağın məktəbin kandarından içəri girə bilib-bilməyəcəyi sual altına düşüb Yeni tədris ili 4 gündən sonra açıq elan ediləcək. Mövsümün açılışı ilə 141 166 uşaq şagird adını qazanmış olacaq. Amma 100-ə yaxın uşağın məktəbin kandarından içəri girə bilib-bilməyəcəyi sual altına düşüb. Bakının Nizami rayonundakı 145 saylı orta məktəbin qarşısında toplaşan valideynlərin şikayətinin əsas səbəbi də elə bu olub. Valideynlər deyir ki, Nizami rayonunda qeydiyyatda olmayan digər uşaqlar da bu orta məktəbə qəbul olunub. Birinci sinfə yeni başlayacaq uşaqların valideynləri məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etsələr də, nəticəsiz qalib. Narazı valideynlər bildirir ki, bu problem məktəb ilinə bir həftə qalmış üzə çıxıb. Halbuki uşaqların sənədlərini hələ may ayından məktəbə təqdim ediblər.

145 saylı orta məktəbin direktoru Nikolay Vasilçenko bildirib ki, bu il məktəbdə müəllim çatışmazlığından birinci sinfə uşaq qəbulu məhdudlaşdırılıb. “Biz 120 məktəbli qəbul etməliydik. Bizim valideynlər uşaqların qəbul edilməməsindən narahat olub Təhsil Nazirliyinin qaynar xəttinə zəng etdilər. Oradan isə mənə dedilər ki, kim istəyirsə hamını qəbul eləmək lazımdır. Bizdə 120 uşaq əvəzinə 270 məktəbli qəbul etdik. Amma məktəbin cəmi 6 müəllimi var. Biz buna uyğun 6 sinif yaratdıq. 3 sinfə müəllim çatışmadığı ilə bağlı mən nazirliyə müraciət etdim. Mənə söz verdilər ki, 3 müəllim verəcəklər və biz bu sinifləri cəmləşdirəcəyik”.

Bakı şəhər Təhsil İdarəsindən ANS-ə bildirdilər ki, həmin məsələdən xəbərdardırlar. Problem artıq öz həllini tapıb və həmin təhsil müəssisəsinə tələb olunan sayda ibtidai sinif müəllimi təyin olunub.


Şərhlər
Sosial bölməsinin xəbərləri