Azərbaycanda sərxoş vəziyyətdə avtomobil idarə edənlərə tətbiq olunan inzibati həbs müddəti artırılacaq

Azərbaycanda nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edənlərə qarşı inzibati həbs müddətləri artırılır.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 152-1 və 152-2 maddələrinə dəyişikliklər ediləcək.



Layihədə qeyd olunur ki, 152-1 maddəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə mövcud 10 günədək inzibati həbsin müddəti artırılaraq 15 günə çatdırılır. Eyni zamanda eyni xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə isə hazırda qüvvədə olan 15 günədək inzibati həbs artırılaraq 1 ay edilir. 152-2 maddəsinə edilən dəyişikliyə əsasən isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə mövcud 5 günədək inzibati həbs artırılaraq 15 günə çatdırılır.



Nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə isə hazırda qüvvədə olan 5 gündən 10 günədək inzibati həbs artırılaraq 15 gündən 1 ayadək təsbit olunur. Nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə isə hazırkı 15 günədək inzibati həbs artırılaraq 1 aydan 2 aya qədər tətbiq olunur. Layihə hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən plenar iclasa tövsiyə olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri