Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışında iştirak edib

Sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Dövlət başçısı klinikanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov prezidentə klinikanın fəaliyyəti və burada yaradılmış şərait haqqında məlumat verib.

Bildirilib ki, klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə tədrisi ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaq.

Klinikada 3000 kv/m ərazidə xüsusi cihazlar və simulyasiya aparatları ilə təchiz olunmuş tədris mərkəzi yaradılıb. Bu tibb ocağında həm diaqnostik müayinələr aparılacaq, həm də endoskopik əməliyyatlar icra ediləcək.

Qeyd olunub ki, orijinal memarlıq üslubunda inşa edilən 13 mərtəbəli binanın həyətində geniş abadlıq-quruculuq işləri aparılıb.

Klinikada yaradılmış şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri