Göycayda qaynatası tərəfindən zorlandığını iddia edən gəlin danışdı.
Live.Az ANS-ə istinadən xəbər verir ki, Göyçayın Qarağıdır kəndində yaşayan 27 yaşlı Gülxanım İbrahimova 5 il bundan əvvəl Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Gülxanımın sözlərinə görə, həyat yoldaşının sonsuzluq problemi olub.
Qızın ailəsi iddia edir ki, oğlanın atası 42 ildir həmin kənddə məktəb direktorunun müavini işləyən Rauf İbrahimov vaxtilə tələbəsi olan gəlinini min bir yolla aldadaraq və gözünü qorxudaraq onu zorlayıb. Gülxanım deyir ki, dəhşətli hadisədən sonra dəfələrlə özünə qəsd etmək istəyib. Amma bundan xəbər tutan ərinin ailəsi isə hər vəchlə onun qarşısını alıb. Qızın sözlərinə görə, qaynatası tərəfindən zorlanan gəlin bunu valideynlərindən gizlətsə də, qaynanası və ərindən gizlətməyib. Amma ailə bunu ört-basdır etməyə çalışıb.
Şikayətçi Gülxanım İbrahimova:
“Deyirdi ki, o elə bir sözdür ailəndə, orda burda açarsan. Heç kim sənə inanmayacaq. Sən belə götürəndə kimsən ki, məni bütün kənddə-kəsəkdə tanıyırlar. Hamı bilir ki, mən Rəşid müəllimin oğluyam. Mənə deyirdi, səni yatdığı yerdə öldürəcəm. O kəlməni desən, o sözü desən. Mən də qaçdım getdim, xarabalığda bir ev vardı ora”.
Nəhayət ata evinə qayıdan Gülxanım deyir ki, keçirdiyi psixi gərginliyin zorlanmanın təsirindən dolayı yarandığını və sirri gizlətdiyini valideynlərinə açır. Amma valideynləri ilk əvvəl də həmin ailənin ziyalı olduğunu əsas gətirərək qızlarına inanmasalar da, sonradan polisə şikayət ediblər.
Gülxanımın anası Solmaz İbrahimova:
“Yaxşı ailə olublar, müəllim ailəsi olublar vermişik. Cibləri yaxşı olub vermişik. İndiyəcən yaxşı olublar. Oğlu da bir az fiziki cəhətdən nasazdır. Uşaqdan ötrü deyib bu həyət bu baca kimə qalacaq. Qorxusundan deməyib. Deyib əgər desən səni yerində öldürəcəm”.
Gülxanım və valideynlırinin ittiham etdiyi ailədə də olduq. Qaynata razı olmasa da qaynana, ingilis dili müəllimi Gülxar Məmmədova və Gülxanımım əri Rəşid bildirdilər ki, ailəyə şər atılır. Onların sözlərinə görə, əslində gəlinin 5 ildə bir sıra əxlaqsız hərəkətlərinə göz yumublar.
Gülxanımın qaynanası Gülxar Məmmədova:
“Bizim ailə sakit ailə olub, ömrümdə söz-söhbət olmayıb. Gəlin də aldıq gətirdik. Bizim oğul da bir az narahatdır. Gələndən sonra onun şıltaqlıqlarına göz yumduq, nalayiq hərəkət elədi. Mesajın tutdum. Yenə də üstündən keçdim ki, uşaqdır bilməyib, qanmayıb. Ondan sonra da davam elədi. Son vaxtlar da aqressivləşdi”.
Gülxanımın əri Rəşid İbrahimov:
“Mənim atam bu kənddə ağsaqqaldır. Kənd onu tanıyır, başına and içir. Mən atamı elə şeydə günahlandıra bilmərəm. Mənim atam elə yolun yolçusu deyil”.
Zərərçəkən ailə rayon polis şöbəsinə şikayət edib. Ordan isə baxılması üçün iş Prokurorluğa təhvil verilib. Prokurorluqdan isə bildirdilər ki, qız tibbi ekspertizadan keçib və rəyi açıqlandıqdan sonra günahkarın kim olacağı aydınlaşacaq.