JTI Korporasiyası Azərbaycana siqaret idxalını artırıb

JTI Korporasiyası Azərbaycana siqaret idxalını artırıb Yaponiyanın «Japan Tobacco International» (JTI) Korporasiyası Azərbaycana idxal etdiyi siqaret məhsullarının həcmini kəskin artırıb. APA-nın məlumatına görə, bunu korporasiyaya məxsus «JTI Ukraine» ASC-nin baş direktoru Sergey Lavrikov bildirib.

S.Lavrikovun sözlərinə görə, şirkətə məxsus Kremençuq tütün fabrikində (Ukrayna) istehsal olunaraq Azərbaycana göndərilən hazır məhsulun həcmi son bir il ərzində təxminən 30% artaraq 5 mlrd. ədəd siqaretə çatıb. Ümumilikdə isə il ərzində müəssisədə 28 mlrd. ədəd siqaret istehsal olunur. Bu göstəriciyə görə Azərbaycan Kremençuq müəssisəsinin məhsul ixrac etdiyi ölkələrin siyahısında artıq ikinci yerə çıxıb (ilk yeri Ukrayna bazarı tutur). Ümumilikdə, şirkət hazır məhsulunu həmçinin Belarus, Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Türkiyə və s. ölkələrə ixrac edir.

S.Lavrikov əlavə edib ki, bu gün şirkətin istehsal etdiyi məhsullar satış həcminə görə ümumilikdə Cənubi Qafqaz regionunda 23% paya malikdir. Eyni zamanda, JTI Azərbaycan bazarının liderlərindən biri sayılır. Ümumiyyətlə, şirkət rəsmiləri Azərbaycanı istehlakçısının zövqü və alıcılıq qabiliyyəti ilbəil yüksəldiyi bir perspektiv bazar kimi qiymətləndirirlər.

Qeyd edək ki, bu yaxınlarda korporasiyaya aid müəssisələrdə qanunsuz dövriyyənin və qaçaqmalçılığın qarşısının alınması məqsədi ilə «Track and Trace» sistemi tətbiq olunub. Bu sistem vasitəsi ilə siqaretlərin qutuları nişanlanır və onların müxtəlif bazarlar üzrə hərəkətini, o cümlədən anbarlara qayıtmasını izləmək mümkün olur.

Bununla yanaşı, JTI siqaret istehsalı prosesində LSS (Less Smoke Smell) texnologiyasının tətbiqinə başlayıb. Bu texnologiya siqaretlərin tüstüsünü və qoxusunu minimuma endirib və onun insanların paltar, saçı və s. hopmasının qarşısını maksimum alır. Buna xüsusi siqaret kağızından istifadə etməklə nail olunub. Həmçinin, siqaretlərin filtrləri də xeyli təkmilləşdirilib.

Qeyd edək ki, Kremençuq tütün fabriki 1993-cü ildə «R.J.Reynolds» şirkəti (ABŞ) tərəfindən özəlləşdirilsə də, 1998-ci ildə «Japan Tobacco» Amerika şirkətinin beynəlxalq biznesini 7,8 mlrd. dollara satın alıb. İndiyədək Ukraynadakı müəssisəyə yaponiyalı investorlar 180 mln. dollar həcmində sərmayə yatırıblar ki, 2013-cü ilin sonunadək bu göstəricinin 250 mln. dollara çatacağı gözlənilir.

JTI Korporasiyasının mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir, məhsulları 120-dən artıq ölkədə satılır, 25 istehsal fabriki, 6 elmi-tədqiqat institutu və 5 tütün emalı müəssisəsi var. Son bir ildə korporasiyanın dövriyyəsi 12 mlrd. dollara çatıb. JTI korporasiyasının istehsal etdiyi ən tanınmış siqaret brendlərinə «Sobranie», «Camel», «Winston», «Glamour» və «LD» aiddir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri